“Sağlam dişlər, sağlam təbəssüm”
4 Oktyabr 2010 19:33 (UTC+04:00)
"İRƏLİ" İctimai Birliyinin tibb və sağlamlıq istiqamətində olan növbəti uğurlu və kütləvi layihəsi start götürür. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni layihə "Sağlam dişlər, sağlam təbəssüm" adlanır. Layihə çərçivəsində 1-20 oktyabr 2010-cu il tarixlərində Sabirabad rayonunda 500-dən çox aztəminatlı ailədən olan uşaqların dişləri pulsuz müayinə və müalicə olacaq.
Layihənin açılış mərasimi 2 oktyabr 2010-cu il tarixində Sabirabad rayonunun Gənclər mərkəzində keçirilib. Mərasimdə "İRƏLİ" İctimai Birliyinin layihələr və korporativ sektorla əlaqələr üzrə katibi Heydər Mirzəyev, Sabirabad rayonu mərkəzi xəstəxanasının baş həkimi Əlifağa Nadirov və digər qonaqlar iştirak ediblər. Aksiya yerli əhalinin, xüsusən gənclərin böyük marağına səbəb olub və səyyar stomatoloji klinikanın yerləşdiyi Sabirabad rayon Gənclər Mərkəzində artıq ilk saatlarda onlarla gənc, həmçinin valideynlər və rayon ziyalıları toplaşıb.
1 oktyabr tarixindən etibarən səyyar diş klinikasının həkim heyəti Sabirabad rayonunda gündə təxminən 20 nəfərdən çox uşağın dişlərinin müalicəsini həyata keçirəcək. Bundan başqa müayinədən və müalicədən keçən hər bir uşağa diş fırçası və diş məcunundan ibarət sağlamlıq paketi hədiyyə olunacaq. Buna əlavə olaraq, müayinə aparacaq həkimlər Sabirabad rayonunun müxtəlif yerlərində əhaliyə konsultasiyalar keçəcək.
2009 - 2010-cu illər ərzində Azərbaycanın digər regionlarında, o cümlədən, Sabirabadda "İnformasiya Texnologiyaları Akademiyası", "Sənin səsin -sənin bələdiyyən", "Liderlik məktəbi", "İnsan kapitalının inkişafı yönümlü təlimlər" və digər layihələri uğurla reallaşdıran "İRƏLİ" İctimai Birliyi bu ənənənin davamı kimi Sabirabad rayonunda yerləşən regional qərargahı vasitəsi ilə 1 oktyabr tarixindən etibarən tibb-sağlamlıq, idman, təhsil, uşaqlara qayğı, gənclərin inkişafı və digər istiqamətlərdə 20-dən çox iri miqyaslı layihənin reallaşdırılmasına start verib.