Muğan arxeoloji mədəniyyətinə aid yeni əsər çap olunub

12 Oktyabr 2017 03:19 (UTC+04:00)

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin tərtibatçılığı ilə Azərbaycanın qədim dövr tarixinin araşdırılması üçün müstəsna əhəmiyyəti olan Muğan arxeoloji mədəniyyətinə aid kitabça çap olunub.

A.Ağalarzadə Trend-ə deyib ki, “Muğan arxeoloji mədəniyyəti - Uzuntəpə abidələri kompleksi” adlanan əsərdə Azərbaycan və bütövlükdə Qafqaz arxeologiya elmində ən mühüm nailiyyətlərdən biri olan eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə aid “Muğan arxeoloji mədəniyyəti”nin kəşf edilməsindən bəhs edilir. Cəlilabad rayonu ərazisində yerləşən bu möhtəşəm abidənin zəngin arxeoloji materiallarının təhlili və dövrləşdirilməsi görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadənin adı ilə bağlıdır. Uzuntəpə abidələrindən çoxlu sayda arxeoloji materiallar - tuncdan hazırlanmış alət və silahlar, gil qablar, müxtəlif növ bəzək-zinət əşyaları aşkarlanıb.

Uzuntəpə arxeoloji kompleksi Azərbaycan xalqının qədim və zəngin tarixi keçmişi haqqında bizə tutarlı elmi mənbələr verə biləcək mühüm tarixi əhəmiyyətə malik abidələrdir. Bu abidələrdə gələcəkdə aparılacaq geniş miqyaslı arxeoloji qazıntılar bölgənin tarixi keçmişi üçün zəngin məlumat bazası olacaq və qədim Muğan torpağının tarixinin araşdırılması üçün yeni bir istiqamət gətirəcək.