Səfirimiz etimadnaməsini İsveçrə Prezidentinə təqdim edib

11 Oktyabr 2017 19:09 (UTC+04:00)

Oktyabrın 10-da Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini bu ölkənin Prezidenti xanım Doris Löytharda təqdim edib. İsveçrə Prezidenti səfiri hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Səfir Xanım İbrahimova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveçrə Prezidenti Doris Löytharda çatdırıb.

İsveçrə ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayan Doris Löythard Azərbaycan Prezidenti ilə Davos İqtisadi Forumu çərçivəsində görüşdüyünü və bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib. İsveçrə Prezidenti Doris Löythard onun ən xoş arzularının və salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Səfir ölkəmizin İsveçrə ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, ölkə başçıları səviyyəsində aparılan siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını diqqətə çatdırıb. Xanım İbrahimova səfir olaraq mövcud əlaqələri daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsi məmnunluqla qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqdan da bəhs olunub, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunub, ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib.

Görüşdə, həmçinin iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması baxımından birgə biznes forumların və müştərək iqtisadi komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb, eləcə də iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.