Nəsimi rayonunda görülən işlər müzakirə edilib FOTOLAR

11 Oktyabr 2017 17:12 (UTC+04:00)

Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülən işlər müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib.

Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, respublikamızda olduğu kimi Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunub: “Respublikamızın bütün bölgələrində də əldə olunan uğurlar Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapıb.

Nəsimi rayonu ərazisində cari ilin 3-cü rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tövsiyələr verərək müəssisənin işinə uğurlar arzulamışdır.

Rayonun makroiqtisadi göstəriciləri, xüsusilə informasiya və rabitə, xidmət sahələri üzrə 2017-ci ilin 9 ayı ərzində bir sıra nailiyyətlər qazanılıb”.

Natiq 9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.

Hesabat iclasında əldə olunan nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Şura iclasında çıxış edənlər – rayon MKTB-nin rəisi Elman Yəhyayev, 1 saylı İstilik sistemləri istismar sahəsinin rəisi İlham Bəşirov, “TAC-1” MMC-nin təsisçisi Əlihüseyn Eynullayev və digərləri çıxış edərək cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Şura iclasında Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.