BANM ilə alman şirkətinin əməkdaşlığı davam etdiriləcək

11 Oktyabr 2017 11:35 (UTC+04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul edib.

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, BANM və “Lucas-Nülle” şirkəti arasında başlanmış əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılmış kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BANM-ın yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğulayıb.

“Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə Ali məktəbin rektoru Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bildirib. O, əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda bu sahə üzrə BANM-ın mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışıb.

Tərəflər BANM və “Lucas-Nülle” şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsininin zəruriliyini təsdiq etdilər. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.