Səfirimiz etimadnaməsini prezidentə təqdim edib

11 Oktyabr 2017 09:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının prezidenti cənab Pol Kaqameyə təqdim edib. SİA-nın verdiyi məlumata görə, Ruanda prezidenti ilə keçirilmiş görüş zamanı səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab Pol Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycan Respublikasının bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Ruanda Respublikasının prezidenti cənab Pol Kaqame öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Prezident P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.

Ruanda Prezidenti səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.