Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın xatirəsini andı FOTO

10 Oktyabr 2017 15:38 (UTC+04:00)

MEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsini anıb. AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, İnstitut əməkdaşları görkəmli alimin anadan olmasının 78-ci ildönümündə ilk olaraq İkinci Fəxri xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edib, əklil qoydular.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxış edərək böyük alimin keçdiyi 53-illik həyat yolunda həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etdi. G.Baxşəliyeva Aida xanımın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirdi.

Aida İmanquliyevanın ölkəmizi beynəlxalq elmi tədbirlərdə layiqincə təmsil etdiyini deyən Gövhər xanım, onun Rusiya, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan və bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən, yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş mütəxəssislərdən olduğunu vurğuladı, tanınmış xarici alimlərin onun barəsində söylədikləri dəyərli fikirləri xatırlatdı. G.Baxşəliyeva A.İmanquliyevanın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açdı, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, qısa bir müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördüyünü vurğuladı.

Gövhər xanın Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd etdi.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov Aida İmanquıiyevanın mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən danışdı, onun Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan söz açdı və Aida xanımın bu şöbənin ilk rəhbəri olduğunu qeyd etdi.

Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları İnstitutunda Aida İmanquliyevaya həsr olunmuş stendin qarşısında toplaşaraq, görkəmli alimin xatirəsini anıb, onunla bağlı xatirələrini bölüşdülər.