Əflatun Amaşov AMŞ Alyansının illik toplantısına qatılacaq

10 Oktyabr 2017 14:42 (UTC+04:00)

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək illik toplantısına qatılacaq. MŞ-dan SİA-ya verilən məlumata görə, oktyabrın 11-dən 13-dək keçiriləcək toplantıda MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edəcək.

Tədbirdə həmçinin, Avropada və dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Toplantının gündəliyinə həmçinin peşə etikasındakı spesifik məqamlar, sosial şəbəkələrdə saxta profillərin şəxsi həyatın toxunulmazlığı prinsipinə təsiri, medianın özünütənzimləməsinin dayanıqlı maliyyə aspektləri barədə də müzakirələr daxil edilib.