Acarıstanlı uşaqlar Naxçıvanda

9 Oktyabr 2017 17:10 (UTC+04:00)

Acarıstanlı aztəminatlı ailələrdən olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqlar sentyabrın 28-dən etibarən Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçiblər. Uşaqlar və onların valideynlərindən ibarət qrup Naxçıvan şəhərinin bir sıra mədəniyyət, idman obyektlərini gəzib, görməli yerləri haqqında ətraflı məlumat alıblar. Gəzinti əsnasında qrupdan bir neçə nəfərlə görüşüb həmsöhbət olmaq imkanı əldə etdik.

Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, qrup rəhbəri, həkim Marika Xalvaşi öz adından və bura gələn uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Marika Xalvaşi deyib: “Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsi ilə mütəmadi maraqlanırlar. Uşaqlar və valideynləri müalicənin effektini görürlər. Burada müalicə üçün gözəl şərait yaradılıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqətlə yanaşılır. Bu gün Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində olduq. Uşaqlar bu gəzintidən tarixiniz, mədəniyyətiniz, incəsənətiniz və digər sahələr haqqında çoxlu məlumatlar əldə etdilər. Qeyd edim ki, təşkilatçılıq çox yüksək səviyyədədir”.

Valideynlərdən Xatuna Kvirikidze oğlu İraklinin 15 yaşında yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkməyə başladığını deyib. O qeyd edib ki, övladının müalicəsi üçün maddi imkanları yoxdur: “Bu, məni çox narahat edirdi, oğlumun xəstəliyinin irəliləməsindən qorxurdum. Ancaq sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən acarıstanlı uşaqlar üçün burada pulsuz müalicə imkanlarının yaradıldığını eşidəndə çox sevindim, oğlumun sağlam böyüyəcəyinə ümidlərim artdı”. Xatuna Kvirikidze müalicə müddətində oğlunun səhhətində yaxşılaşma hiss etdiyini, yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirdi.

Qrupun ən balaca üzvü Marian Soidze buraya anası ilə birgə gəldiyini bildirib. Deyib ki, neçə gündür nağıllardakı sehrli buz saraylara bənzəyən mağaraya gedir, bir neçə saat orada qalır. “İlk dəfədir ki, duzdan bir mağarada yatıram və mənə hərdən elə gəlir ki, indi hansısa bir pəri duz divarların arxasından çıxacaq və öz sehrli çubuğu ilə bütün uşaqları xəstəliklərdən azad edəcək. Mən burada ən çox valideynlərim üçün sevinirəm. Çünki mənim səhhətim yaxşılaşdıqda onlar da çox şad olurlar”, - deyə Marian Soidze qeyd edib.

Məktəbli Luka Ruşadze bu gün Naxçıvandan ayrılacaqları üçün çox təəssüfləndiyini bildirib. Təəssüratlarını bölüşən Luka deyib: “Biz qədim Naxçıvanla tanış olmaq imkanı əldə etdik. Ötən günlər ərzində şəhərin gəzməli-görməli yerlərində, muzeylərində, idman komplekslərində olduq. Naxçıvanda bizi ən çox heyrətləndirən yerlərdən biri isə Duzdağdakı mağaralar oldu. Məndən soruşsalar ki, Naxçıvan necə bir yer idi, qədim diyarın tarixi abidələrindən, gözəl təbiətindən danışacağam, deyəcəyəm ki, ora istiqanlı, mehriban, gülərüz insanların yaşadığı məkandır”. Luka Ruşadze bu yerlərlə bağlı xoş təəssüratlarını sinif yoldaşları ilə bölüşəcəyini qeyd edib.