Ansi Aqolli: "Zədə formama təsir edib"

9 Oktyabr 2017 10:09 (UTC+04:00)

"İspaniya ilə oyundan sonra baş məşqçimizlə birgə müxtəlif elementləri analiz etmişdik. Mənə elə gəlir ki, komandamız doğru yoldadır". SİA-nın məlumatına görə, bunu "Qarabağ"ın və Albaniya milli komandasının futbolçusu Ansi Aqolli evdə İtaliya ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

35 yaşlı müdafiəçi bildirib ki, son bir ayda zədə üzündən çıxış etməyib: "Nəticədə zədə formama təsir edib".

Aqollinin fikrincə, İtaliya çox yüksək səviyyədə olsa da, İspaniyadan çox fərqlənir. Təcrübəli cinah oyunçusu gələcəyinin milli ilə bağlı olduğunu açıqlayıb: "Baş məşqçi Kristian Panuççi start heyətə layiq görsə, oynayacağam".

Qeyd edək ki, bu gün G qrupunda keçiriləcək X turun Albaniya - İtaliya matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 9 turdan sonra İtaliya 20 xalla 2-ci, Albaniya 13 xalla 3-cü yerdə qərarlaşıb. Ansi Aqollinin komandasını 12 xala malik İsrail izləyir.