Cocuq Mərcanlıda “Çərpələng şənliyi” keçirilib

9 Oktyabr 2017 03:04 (UTC+04:00)

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir dünyanın ən böyük aviasiya şirkətlərindən olan Türk Hava Yollarının (THY), eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkətlərinin yaxından dəstəyi ilə reallaşıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB-ə üzv olan sahibkarlar və şirkətlərin nümayəndələri ailələri ilə birlikdə iştirak ediblər. Qonaqlar “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Cocuq Mərcanlıya gələn Türkiyəli qonaqlar əvvəlcə orta məktəbdə olublar. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayıb, Cocuq Mərcanlıda təşkil olunan tədbirə görə minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sakinlər qarşısında çıxış edərək, Türkiyənin daim onların yanında olduğunu bildirib. “Siz işğaldan azad edilmiş ata-baba torpaqlarınıza dönməklə böyük bir iş gördünüz. Biz də türkiyəli qardaşlarınız olaraq sizə dəstək olmaq istəyirik. Biz iki dövlət, bir millətik. Bizim dillərimiz birdir. Bizim qəlblərimiz bir yerdə döyünür. Yaxşı gündə də, pis gündə də biz bir yerdəyik. Azərbaycan gözəlləşdikcə, inkişaf etdikcə biz qürur duyuruq. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür” – deyə diplomat əlavə edib.

Qonaqlar Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olublar. Bu təhsil ocağının kitabxanasına TÜİB üzvləri tərəfindən min ədəd kitab hədiyyə olunub. Məktəbə, həmçinin laboratoriya da hədiyyə ediləcəyi bildirilib.

Sonra türkiyəli qonaqlar kənd sakini Oqtay Həziyevin evinə gəliblər. Bildirilib ki, Həziyevlər ailəsi təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir.

Məktəbin idman meydançasında keçirilən “Çərpələng şənliyi” Cocuq Mərcanlı sakinlərində, xüsusən də uşaqlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səmaya çərpələnglər uçurdulub, müxtəlif oyunlar, yarışlar, əyləncəli proqramlar təşkil edilib, uşaqlara hədiyyələr verilib. Sehrbazın fokus və illüziyaları uşaqların marağına səbəb olub.

Səfər çərçivəsində TÜİB-in üzvləri olan Türkiyənin dünya şöhrətli “DünyaGöz” xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi, “Türk-Amerikan Medikal Center” tərəfindən “Sağlamlıq müayinəsi” təşkil edilib. “DünyaGöz” Bakı xəstəxanasının bölgə direktoru Hüseyn Küçükali Cocuq Mərcanlıda sakinləri müayinə etdiklərinə görə qürur duyduğunu bildirib. Xəstəxananın mobil klinikasının Azərbaycanın digər bölgələrində də pulsuz müayinələr aparacağını bildirib.

Qonaqlar Cocuq Mərcanlı kəndində tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəliblər. Diqqətə çatdırılıb ki, bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək.

Səfər zamanı “TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu” işləri çərçivəsində həyata keçirilən torpaq analizlərinin nəticələri və Cocuq Mərcanlıda həyata keçiriləcək layihələr yerli sakinlər və maraqlı tərəflərlə müzakirə olunub. Bildirilib ki, Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə, sakinlərin iş vərdişlərinin və yaşayış imkanlarının bərpasına dəstək verəcəklər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində Cocuq Mərcanlıya ilk dəfə keçən ilin mart ayında gəldiyini deyib: “Yeddi aydan sonra buraya gəldiyimdə tamamilə fərqli Cocuq Mərcanlı gördüm. O zaman xarabalıqlar içərisində minadan təmizləmə işləri aparılırdı. Bu gün isə görürük ki, düşmənin 1993-cü ildə 4 ay ərzində törətdiyi xarabalıq qısa vaxtda aradan qaldırılıb. Evlər tikilib, 50 ailə doğma yurduna dönüb. Yaxın zamanda yüz evin tikintisi də başa çatacaq və daha yüz ailə də öz torpaqlarına dönəcək. Biz burada gördüklərimizə çox sevinirik”.

Səfir Cocuq Mərcanlıda həyata keçiriləcək layihələrdən də danışıb. “Türkiyəli iş adamları Cocuq Mərcanlıda insanların sosial ehtiyaclarının təmin edilməsi ilə üçün layihələr həyata keçirəcəklər. Uzun müddətə hesablanmış bu layihələr ailələrin dolanışıqlarını təmin edəcək, onların sosial rifahını yaxşılaşdıracaq” – deyə səfir Erkan Özoral bildirib.