Naxçıvan Dövlət Universtetinin tələbə-jurnalistləri Naxçıvan Dövlət Teleradiosunda olublar

7 Oktyabr 2017 10:12 (UTC+04:00)

Naxçıvan Dövlət Universtetinin Jurnalistika ixtisasının birinci kurs tələbələri Naxçıvan Dövlət Teleradiosunun texniki imkanları və efir fəaliyyəti ilə tanış olublar.

Naxcivantv.az xəbər verir ki, ötən il bu ixtisasa tələbə qəbulu olmasa da bu il 15 nəfər jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisasın Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə hamiliyə verilməsi tələbələrin ilkin təcrübi biliklərə yiyələnməsi və işlə təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.

Tələbə-jurnalistlər əvvəlcə televiziyanın ayrı-ayrı redaksiyalarının fəaliyyəti ilə tanış olublar. Çəkiliş pavilyonları, studiyalar, videoarxiv, dublyaj və montaj prosesi, efirə hazırlıq, yayım texnologiyaları maraqla qarşılanıb. Tələbələr yeni qurulan çəkiliş pavilyonlarına və virtual studiyaya da baxıblar.

Bidirilib ki, Naxçıvan teleradiosu bu gün 18 saat efirdə olur və naxcivantv.az saytı üzərindən –HD formatda bütün dünyada yayımlanır. Son illər televiziyada 80-dən artıq gənc kadr işlə tqəbul edilib ki, onların da 20 nəfəri Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasını bitirən gənclərdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev və televiziyanın bir qrup əməkdaşı tələbə-jurnalistlərlə görüşərək yaradıcılıq müzakirəsi aparıblar.

Görüşdə tələbələrin dərsdən sonra televiziyanın redaksiyalarında praktik fəaliyyətləri üzrə bölgü aparılıb, onların kənar müəlliflər kimi yaradıcı işə cəlb edilməsi və təkmilləşdirmə kurslarında iştirakı məsələləri müzakirə olunub. Belə ki. gənc jurnalistlər teleradio verilişlərinin çəkilişi, montajı və yayımı prosesində iştirak edərək ilkin peşə vərdişlərinə yiyələnəcəklər.