İlk elektrik təyyarəsi 2022-ci ildə satışa çıxarılacaq

6 Oktyabr 2017 19:50 (UTC+04:00)

ABŞ-ın “Boeing Co” (BA.N) və “JetBlue Airways Corp” (JBLU.O) aviaşirkətləri şəxsi elektrik təyyarəsinin yaradılması ilə məşğul olan startaplardan birini dəstəkləyiblər. “BelTA” xəbər verir ki, 2022-ci ilədək 1600 kilometrədək məsafə üçün uçuş vaxtını azalda və uçuş xərclərinə qənaət edə bilən avialayner prototipinin sınaqlarının keçirilməsi planlaşdırılır. “Zunum Aero” şirkəti bu məqsədlə 12 sərnişin üçün nəzərdə tutulan və iki elektrik mühərriki ilə işləyən sınaq modelini düzəltməyə hazırlaşır.

Məlumata görə, “Tesla” və “Panasonic” elektrik mühərriklərindən istifadə nəzərdə tutulur. Bundan başqa, göyərtədə təhlükəsizlik üçün qaz generatoru quraşdırılacaq. Əlli nəfərədək sərnişin tutumuna malik daha böyük hava gəmisinin 2020-ci ilədək yaradılması planlaşdırılır. Bildirilir ki, uçuş məsafəsinin enerji toplamadan 1600 kilometr təşkil edəcəyi gözlənilir. Təyyarəni əvvəlcə bir pilot idarə edəcək, daha sonra sistem uçuşları avtomatik rejimdə həyata keçirəcək.

Elektrik təyyarələrinin əsas alıcısı qismində kiçik özəl şirkətlər və varlı insanlar çıxış edir. ABŞ-da 1 mil (1.609344 kilometr) məsafəlik uçuş qiymətinin 8 sent təşkil edəcəyi proqnozlaşdırılır. Hazırda bu göstərici 40 sentə bərabərdir. Elektrik təyyarələrinin uçuş hündürlüyünün (7,5 min metr) və sürətinin (500 km/saat) onların reaktiv analoqlarından xeyli aşağı olacağı qeyd olunur. Lakin onlar bunu hazırda boş qalan kiçik özəl aeroportlardan istifadə etməklə kompensasiya edə biləcəklər.