Aİ Azərbaycan əlaqələrinin müsbət tərəfləri ŞƏRH

6 Oktyabr 2017 12:13 (UTC+04:00)

“Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir və bu əlaqələr hər iki tərəf üçün önəmlidir”. Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib.

Azərbaycan neftinin böyük bir hissəsinin Avropa ölkələrinə satıldığını deyən Q. Hüseynli bildirib ki, yaxın zamanda ölkə qazı Avropa bazarlarına çıxarılacaq ki, bu da Azərbaycana valyuta axınını təmin edəcək: “Azərbaycan üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir”.

Aİ ilə əməkdaşlığın siyasi perspektivlərinin olduğunu dilə gətirən politoloq söyləyib ki, bununla Azərbaycan Avropa dəyərlərinə daha da yaxınlaşır və həmin dəyərlər artıq ölkəmizdə də təsbit olunur: “Buna görə də Azərbaycan Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsini prioritet hesab edir. Bu, ölkəmizin həm iqtisadi yüksəlişi, həm də beynəlxalq mövqelərimizin daha möhkəmlənməsində böyük rol oynaya bilər”.

Son dövrlər Avropa Şurasının bəzi rəhbərlərinin, Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgilədiyini vurğulayan Q. Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də bu məsələlərə xüsusi toxunduğunu dilə gətirib:“ Ölkə başçısı görüşü zamanı bir daha bildirdi ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Ölkənin həyatında heç nə dəyişməyəcək".

Q. Hüseynli əlavə edib ki, ümumilikdə Azərbaycan istəməsə heç kim onu Avropa Şurasının üzvlüyündən çıxara bilməz: "Çünki bunun üçün əsaslar olmalıdır. Hazırda isə heç bir əsas yoxdur. Sadəcə çox təəssüf ki, bu qurumda Azərbaycana qarşı qərəzli, ikili standartlı mövqe mövcuddur”.