“Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib

5 Oktyabr 2017 14:21 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib. Müsabiqəyə Naxçıvan mətbəxinə xas müxtəlif növ şirniyyatlar təqdim edilib, paxlava, şəkərbura, şəkərçörək, qovut, şirin kətə, nabat, ovma kökələr hazırlanıb.

SİA-nın məlumatına görə, Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva muxtar respublikamızda xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması sahəsində əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.

Vurğulanıb ki, qədim diyarın unudulmaqda olan milli mətbəx nümunələrini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan belə tədbirlər davamlı olaraq keçirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zəngin tarixini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxış edərək bildirib ki, münsiflər heyətinin qərarı ilə Kəngərli rayonunun qədim şirniyyat növü olan əyirdəyə görə Şövkət Əhmədova birinci, Ordubad paxlavasına görə Şərur rayonunun Ələkli kənd sakini Aynurə Salahova ikinci, cəvizli kökəyə görə Babək rayon sakini Həcər Musayeva üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Tədbir Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının çıxışı ilə davam edib.