Keçmiş səfir Prezidentlə önəmli məsələləri müzakirə edib

5 Oktyabr 2017 11:55 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışı ilə əlaqədar keçirilmiş tədbir çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. SİA-nın məlumatına görə, Faiq Bağırovun Türkiyədəki diplomatik fəaliyyətini uğurla həyata keçirməsindən məmnunluğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini və bu gün özünün ən yüksək səviyyəyə çatmasının dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını söyləyib.

Söhbət zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası ilə əlaqədar oktyabr ayının sonunda Bakıya səfər edəcəyini diqqətə çatdıran qardaş ölkənin Prezidenti bu səfəri böyük məmnuniyyətlə gözlədiyini və səfər çərçivəsində bir çox strateji məsələlərin müzakirə ediləcəyini bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinin hazırda yüksək dinamika ilə inkişaf etdiyini deyən F.Bağırov bildirib ki, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafının, beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini dəstəkləməyimizin, əməkdaşlığımızdakı nailiyyətlərin əsasında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri dayanır.

Prezident İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edən Prezident Rəcəb Tayyib Ərdoğan Faiq Bağırova gələcək fəaliyyətində uğurlar arzulayıb.