"Bu, erməni işğalçı siyasətini dəstəkləyən qüvvələrin fəaliyyətidir" AÇIQLAMA

4 Oktyabr 2017 15:38 (UTC+04:00)

“Azərbaycana qarşı ədalətsiz mövqelərə ilk dəfə deyil ki, rast gəlirik. Zaman-zaman ölkəmizin uğurlarını, inkişafını istəməyən qüvvələr Azərbaycana qarşı müxtəlif bəhanələrlə təzyiq etməyə cəhd edirlər ki, son dövrlərdə bir sıra media qurumların üzərindən edilən təzyiq cəhdləri də bu qəbildəndir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Deputat bildirib ki, ölkəmizə qarşı yönələn təzyiqlərin arxasında erməni lobbisi dayanır: “Bu heç də sadə məsələ deyil. Bu barədə biz daha dərindən düşünməli, gələcək münasibətlərimizi bir daha gözdən keçirməliyik. Azərbaycana qarşı qurulan neqativ halların qarşısının alınması istiqamətində işlərimizi davam etdirməliyik”.

Son günlər Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat tədbirlərinin ölkəmizdə insan hüquqlarının pozulması kimi qələmə verildiyini xatırladan R. Rzayev söyləyib ki, heç kim Azərbaycanın daxili işinə qarışa bilməz: “Bir neçə gün bundan hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tək bizdə deyil, bütün dünya ölkələrində keçirilir. Lakin bunun insan hüquqlarının pozulması kimi qələmə verilməsi illərdir Azərbaycanı zəiflətmək istəyən və heç bir uğurumuza sevinməyən, ölkəmizi beynəlxalq aləmdə silinməsini istəyən, erməni işğalçı siyasətini dəstəkləyən qüvvələrin işidir. Təbii ki, bunların heç biri bizi qorxutmur. Azərbaycan öz müstəqil siyasətini yürütməklə yanaşı, beynəlxalq aləmdəki imicinin artırılması istiqamətində daha böyük layihələr həyata keçirməkdədir”.

Deputat əlavə edib ki, Azərbaycan öz daxili problemlərini həll etmək iqtidarındadır: “Hətta Azərbaycan ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini də həll edə bilər. Yalnız Azərbaycan problemin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin çox təəssüf ki, hələ də problem öz həllini tapmayıb”.