"Avropa yanlış siyasətinin acı nəticələrini dadır" ŞƏRH

4 Oktyabr 2017 11:46 (UTC+04:00)

“Avropanın müəyyən dairələri özlərinin yanlış siyasətlərinin acı nəticələrini dadırlar. Bir vaxtlar onlar Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları tərəfindən törədilən terror hadisələrinə göz yumdular. İndi isə terror həm Avropanı, həm də ABŞ-ı bürüyüb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Vaxtilə Dağlıq Qarabağda separatçılığın baş qaldırması, Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin işğal etməsi nəticəsində ərazi bütövlüyümüzün pozulmasına Avropanın müəyyən dairələrinin əhəmiyyət vermədiyini deyən deputat söyləyib ki, hazırda isə Avropada separatçılıq baş qaldırıb: “Belə ki, Böyük Britaniya, Şotlandiya, hazırda Kataloniya, Belçikanın özündə separatçılıq çox güclüdür. Bunun özü göstərir ki, separatçılıq artıq Avropa üçün böyük problemə çevrilməyə başlayıb. Onun vaxtilə dəstək verib yaratdığı İraqın Kürd Muxtariyyəti bu gün artıq Avropanın nəzarətindən çıxaraq özünün şərtlərini diktə etməyə başlayıb”.

A.Mirzəzadə qeyd edib ki, göründüyü kimi dünya üçün problem olan məsələlərə Avropanın vaxtilə əhəmiyyət verməməsi indi konkret olaraq onun üçün problem yaratmağa başlayıb: “Artıq Avropanın ikili standartı keçmir. Əgər Avropa vaxtında Ermənistanın Azərbaycana torpaq iddiasına, düşmən ölkənin Türkiyə və ölkəmizdə törətdiyi terror hərəkətlərinə göz yummasa idi, Avropa bu gün özündə belə ağrılı günləri yaşamazdı. Həqiqətə bir dəfə göz yummaq, sonda göz yumanın özünün problemlər içərisində yaşamasına səbəb olur”.