Çaylarımızda çirklənmə normadan dəfələrlə artıqdır monitorinq

4 Oktyabr 2017 08:59 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 10 m3/san artaraq 76.4 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Sentyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.