Azərbaycan Milli İncəsənət Muzeyinin bölgələrlə bağlı layihəsi davam edir FOTOLAR

3 Oktyabr 2017 16:12 (UTC+04:00)

Azərbaycan Milli İncəsənət Muzeyinin bölgə muzeyləri ilə həyata keçirdiyi “Əməkdaşlıq və metodiki yardım” layihəsi bu il uğurla davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti səfərin Şəki bölgəsinə edilməsi muzeyin direktoru prof. Çingiz Fərzəliyevin təşəbbüsü ilə daha məqsədəuyğun sayılıb. Muzeyin əməkdaşları - elmi işlər üzrə direktor müavini X.Əsədova, sərgi və tərtibat şöbəsinin müdiri A.Osmanov cari ilin 27-29 sentyabr tarixləri arasında Şəki şəhəri, Oğuz, Zaqatala, Balakən, Qax rayon tarix diyarşünaslıq muzeylərinə növbəti səfəri həyata keçirdilər. Beş bölgədə fəaliyyət göstərən muzey rəhbərləri və əməkdaşları ilə yerlərdə treninqlərin keçirilməsi, müzakirələrin aparılması, məsləhətlərin verilməsi böyük rəğbətlə qarşılanıb.

Təməli 1925-ci ildə, 1895-ci ildə tikilmiş tarixi binada qoyulmuş, 924 m2 sahədə yerləşən, 5000-dən çox eksponatı olan Şəki tarix-diyarşünaslıq muzeyi şəhərin mərkəzində, turistlərin daha çox ziyarət etdikləri məkanda yerləşir. Muzey öz diyarını mədəni, tarixi, etnoqrafik baxımdan təmsil etməsi üçün kifayət qədər maraqlı eksponatlara malikdir, antik dövr sarkofaqı, m.ö. tarixə aid arxeoloji materiallar, geyim, bədii metal, xalça, hərb geyimi - zireh, qolçaq, soyuq və odlu silahlar, tikmə, parça, tarixi şəkillər və sənədləri ilə ekspozisiyanı zənginləşdirən bu materiallar illər boyu böyük zəhmət nəticəsində toplanıblar. Bu ərazidə yerləşən çox qiymətli kolleksiya 1985-ci ildə yaranmış, V-VI əsr Alban məbədində yerləşən Xalq-tətbiqi sənəti muzeyi maraqlı interyerləri, biri-birindən qiymətli milli geyimləri, parça, tikmə və digər xalq tətbiqi sənəti nümunələri ilə əcnəbi qonaqları valeh edir. Yağışlı hava olmasına baxmayaraq muzeyi ziyarət edən fransızlar incəsənətimizlə maraqlanıb, səmimi söhbətlər aparıb, muzeyi əməkdaşlarının qonaqpərvərliyindən çox məmnun idilər. M.F.Axundzadənin, Sabit Rəhmanın və Rəşid bəy Əfəndiyevin ev muzeyləri Azərbaycanın tanınmış maarifpərvər şəxsiyyətlərinin həyat və ictimai fəaliyyətlərinin əsil təbliğatçılarıdırlar.

Balakən rayon tarix-diyarşünaslıq muzeyi 1984-cü ildə təşkil edilib. Burada 5000-dək eksponat mühafizə edilir. Bu ərazidə yaşayan azərbaycanlılarla yanaşı, etnik xalqların da musiqi alətləri, geyim mədəniyyəti, incəsənət nümunələri, məişət əşyaları haqqında yetərincə eksponat nümayiş edilən muzey təmir edilmiş binada yerləşir. Təbiəti, bitki örtüyü, müxtəlif növ heyvan fiqurlarının nümayişi ilə fərqlənən Balakən tarix-diyarşünaslıq muzeyi məktəblilərlə böyük təşkilati iş aparır.

1967-ci ildə təşkil edilmiş, 1970-ci ildə inşa edilmiş bank binasına 2002-ci ildə köçmüş Zaqatalanın tarix-diyarşünaslıq muzeyində 10.104 eksponat qorunur. Bu muzeyin digərlərindən üstün cəhəti gümüşdən hazırlanmış çeşidli bəzək əşyalarının sayca çox olmasıdır. Çoxlu sayda qədim əlyazmaları kitabları da muzeyin ekspozisiya zallarında və fondlarında saxlanılır. Muzeydə qorunan qədim əlyazmaları kitablarının buradaca bərpa edilməkdədir. Muzeyin 3 əməkdaşı TİKA təşkilatının layihəsi əsasında son üç il ərzində Koniya şəhərində xüsusi kitab bərpası üzrə kurslarda iştirak edir, təcrübə qazanırlar. Əldə etdikləri biliklər nəticəsində onlar muzeyin qədim əlyazma kitablarını bərpa edib, cildləyir, onlara ikinci həyat verirlər.

Qax rayonunda yerləşən tarix-diyarşünaslıq muzeyi 1981-ci ildə yaranıb. O XIX əsrdə tikilmiş xalq arasında “Allahverdi” kilsəsi adıyla tanınan provoslav məbədi ilə üzbəüz, 1991-ci ildə tikilmiş binada fəaliyyət göstərir. Muzey11.600 eksponata malikdir. Ekspozisiyada toplanan maraqlı eksponatlar qədimliyi, forma, hazırlanma texnikasına görə unikaldırlar.

Ziyarəti nəzərdə tutulan son muzey Oğuz rayonundakı tarix-diyarşünaslıq muzeyidir. Muzey 1822-ci ildə tikilmiş provoslav kilsəsi binasında, 1981-ci ildə təşkil edilib. 4558 ədəd eksponat qorunan muzeyin ekspozisiyası iki mərtəbədən ibarətdir. Gözəl bağ bağçalı həyətdə, baxımlı ərazidə yerləşən muzey reallıqda zahiri quruluşuyla məbədi xatırladır.