TÜİB-in növbəti ümumi yığıncağı keçirilib

2 Oktyabr 2017 23:20 (UTC+04:00)

Yığıncaqda təşkilatın yeni sədri seçilib

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti ümumi yığıncağı keçirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Azərbaycanın dövlət qurumlarının təmsilçilərinin, rektorların, iş adamlarının və ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi tədbir Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra yığıncağı giriş sözü ilə açan TÜİB-in rəhbəri Ali İhsan Genc qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. TÜİB sədri çıxışında qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyəti haqqında ətraflı danışaraq, Azərbaycan iqtisadiyyatının inkişafna bundan sonra da töhfə verməyə hazır olduqlarını deyib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan iqtisadiyyatıının sürətli inkişafından söz açaraq, bu prosesdə türkiyəli iş adamlarının da müəyyən pay sahibi olduğunu vurğulayıb: “2017-ci ilin göstəricilərinə əsasən demək olar ki, Azərbaycan bir çox çətinlikləri dəf edib və uğurla irəliləyir. İnanıram ki, Azərbaycanın bu uğuru 2018-ci ildə də davam edəcək»”.

Daha sonra Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Vergilər Nazirliyinin departament rəhbəri Şamil Ərəbov, Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova və digərləri çıxış edərək, təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş danışıblar.

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.

Yığıncağın sonunda söz alan Hüseyn Büyükfırat TÜİB-ni gələcək fəaliyyətlərində də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlığına layiq bir qurum olacağını bildirib.