Stavropolda 8-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

2 Oktyabr 2017 15:29 (UTC+04:00)

Rusiya Federasiyasının Stavropol şəhərində 8-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Gənclər və İdman Nazirliklərinin, habelə bir neçə digər dövlət qurumlarının, təhsil ocaqlarının və özəl sektorun nümayəndələri iştirak edib. Forum çərçivəsində turizm, humanitar məsələlər və diger mövzulara həsr edilmiş dəyirmi masalar təşkil edilib.

Turizm üzrə dəyirmi masanın Azərbaycan tərəfindən moderatoru Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev olub. R. Paşayev, öz çıxışında Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlığın dinamikasını yüksək qiymətləndirərək, iki ölkənin özəl sektorunun nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra ölkəmizin turizm potensialının təqdimatı keçirilib. Turizm üzrə dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin, habelə Rusiya Federasiyasının Dağıstan, Karaçayevo-Çerkessiya, Kabardino-Balkariya Respublikaları, Arxangelsk vilayəti, Minvodı və digər regionların nümayəndələri təqdimatlarla çıxış ediblər. Çıxışlardan sonra iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri və mövcud olan çətinliklər barədə müzakirələr keçirilib. İştirakçılar Azərbaycan və Rusiya arasında sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini qeyd ediblər və turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün bir neçə konkret təklifi irəli sürüblər.

Humanitar əməkdaşlığa həsr edilmiş dəyirmi masada isə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və yaradıcı gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov iştirak edib. Tədbirdə, həmçinin Təhsil, Gənclər və İdman Nazirlikləri, habelə Elmlər Akademiyası və ölkəmizin təhsil ocaqlarının nümayəndələri təmsil olunub. Dəyirmi masa çərçivəsində Azərbaycan və Rusiya arasında humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və bir neçə konkret layihə və təşəbbüs müzakirə edilib.