Bu gün Beynəlxalq Ahıllar günüdür

1 Oktyabr 2017 12:40 (UTC+04:00)

Uşaqlıqdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda qocalara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar. Oktyabrın ilk təqvim günü bunun üçün çox yaxşı fürsətdir.

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyacları diqqətə çatdırmaqdır. Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur. Əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir. Ölkəmizdə əmək pensiyaçılarının sayı 2017-ci il iyulun 1-nə olan məlumata görə, 1,3 milyon nəfərdən çoxdur. Onlardan 59,2 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, 29,3 faizi əlilliyə görə pensiya alır. Müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar, həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk yarımilində isə 6,4 faiz artıb.

Beləliklə, cari il iyulun 1-nə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Həmçinin son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Ahıl vətəndaşların bir qismini təşkil edən İkinci Dünya müharibəsi iştirakçılarına ödənilən orta aylıq pensiyanın məbləği isə 356 manat təşkil edir. Aylıq əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə 2008-ci il sentyabrın 1-dən digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Həmin təqaüdlərin məbləği ötən dövrdə orta hesabla iki dəfədən çox artırılıb və I qrup əlillər üçün 165, II qrup əlillər üçün 143, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslər də Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edilirlər.

Bu gün əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən çözələyən, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək, ot basmış cığırlarla yaşadıqları ünvana üz tutmaq, könülləri sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək üçün yaxşı fürsət deyilmi? Həm də təkcə bu gün yox...