TQDK-dan yeniliklər

30 Sentyabr 2010 21:00 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına dair yeni qərarlar qəbul edib. SİA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, III ixtisas qrupuna daxil olan "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisasları 2011-ci ildən II ixtisas qrupuna keçirilir. Onun sözlərinə görə, beləliklə, adı çəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidirlər.

M.Abbaszadə vurğulayıb ki, digər yenilik magistraturaya qəbul imtahanlarının vaxtı ilə bağlıdır. O qeyd edib ki, 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərziə qəbulunun və qəbul imtahanının I mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutulub: "Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılır. Bundan əlavə, abituriyentlərə qəbul imtahanlarına səmərəli hazırlaşmaqda kömək məqsədilə 2011-ci ilin yanvar ayında Bakı şəhərində, eləcə də Respublikanın müxtəlif bölgələrində 1 sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub. Digər yeniliyə gəlincə qeyd edim ki, 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıq tipli olacaq. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq".