Qubada YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2017 18:13 (UTC+04:00)

Bu gün YAP Quba rayon təşkilatının rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Loğman Müslümov partiyanın yaranma tarixi ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, bu gün Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd olunur: "Bu ildönümü ərəfəsində tarixi yaddaşımıza nəzər salsaq, Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə obyektiv zərurətdən meydana çıxdığını iftixar hissi ilə qeyd edə bilərik. Dövlətin və cəmiyyətin həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən zərurətdən, milli tələbatdan yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, milli tələbatdan irəli gəlmişdir".

Rayon təşkilat sədri bu münasibətlə partiya üzvlərini təbrik edərək, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli, rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədr müavini Mehbarə Rüstəmova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı və başqaları çıxış ediblər. Bildirilib ki, çox ağır və çətin şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir.

Sonda partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.

NƏZAKƏT