Dünya Turizm günü münasibətilə təntənəli mərasim keçirilib

30 Sentyabr 2010 07:48 (UTC+04:00)

Bu gün Bakı Biznes Mərkəzində yay turizm mövsümünün başa çatması ilə əlaqədar, həmçinin 27 sentyabr - Dünya Turizm günü münasibətilə təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizdə akkreditə olunan xarici səfirliklərin və turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu yarımildə kifayət qədər nailiyyətlər əldə olunub: "Gələcək işlər üçün lazımi bünövrənin qoyulması üçün artıq işlər başlanılıb. Bugünkü hesabatda bütün bunlar öz əksini tapacaq. Yay mövsümünün nəticələri onu göstərir ki, turistlərin sayında təxminən 10-15 % artım müşahidə olunub. Bu göstərici bizi müəyyən dərəcədə qane edir. İnanıram ki, Azərbaycan turizminin inkişafı ilə bağlı həm şirkətlər, həm də dövlət öz tərəfindən lazımi tədbirləri görəcək".

Nazir bir neçə gün öncə İranda səfərdə olduğu zaman oranın turizm naziri ilə görüşərək iki ölkə arasındakı əlaqələri daha da genişləndirələcəyini, mədəni turizmin təşkilinin daha böyük önəm kəsb etdiyini vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan 12 beynəlxalq turizm sərgisində iştirak edib, payızda London və Şanxayda keçiriləcək sərgilərdə iştirak nəzərdə tutulur. Nazir deyib ki, 2003-cü ildə Azərbaycanda 96 mehmanxana olduğu halda, bu ilin yay aylarında otellərin sayı 477-yə çatıb, hazırda ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 209-dur: "Lisenziya müddəti bitən turizm şirkətlərinin fəaliyyəti dayandırılıb. Nazirlik lisenziya verilməsi qaydalarını gücləndirib. Bu il bir neçə şirkətin və mehmanxananın lisenziyasını ləğv etməyə məcbur olmuşuq".

Ə. Qarayev turizm şirkətləri ilə mehmanxanalar arasında əlaqələrin zəif qurulmasından narazılığını ifadə edib. O, həmin obyektləri turistlərə daha yeni xidmətlər təqdim etməyə çağırıb: "Azərbaycanda kabab turizminin vaxtı keçib. İndi insanlar keyfiyyətli şəkildə istirahət etmək, əylənmək istəyirlər. Bunu təşkil etməyənlər yalnız özlərinə ziyan vururlar. Ona görə də bu sahədə işlərə diqqəti artırmalıyıq".

"Dağlıq Qarabağdakı tarixi və mədəniyyət abidələrinin vəziyyətinə baxmaq üçün faktaraşdırıcı missiyanın bölgəyə gəlişinə hazırıq. Hazırda Azərbaycanda 6 mindən artıq tarixi abidə mövcuddur. Bu abidələr dövlət tərəfindən mühafizə edilir. Bu abidələrin hamısının eyni vaxta təmiri mümkünsüzdür"-deyə nazir qeyd edib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Texniki Proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov tərəfindən hazırda Qusarda inşa edilən Şahdağ qış-yay turizm kompleksi haqqında geniş təqdimat verilib.

Fransanın "Mondeos" nəşriyyat evi tərəfindən hazırlanan "Azərbaycanın Bələdçi Kitabı"-nın, Böyük Britaniyanın "Hedonist Guide" şirkəti tərəfindən hazırlanan "Bakı haqqında kataloq"un, "ERA Marketing Center" şirkətinin ölkə vətəndaşları arasında turizmlə bağlı keçirdiyi sorğu-müayinənin nəticələrinin, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi çərçivəsində 3-5 sentyabr tarixində keçirilən Bakı-Quba-Şamaxı-Bakı istiqamətində Avto Safarinin və I Milli Turizm mükafatının təqdim edilməsi mərasimləri də tədbirin proqramında yer alıb.

"Mondeos" jurnalı tərəfindən keçirilən yarışda qalib gələn iki şəxsə "Millennium Tourism & Congress" şirkətinin mükafatı da sözügedən tədbirdə sahibinə təqdim edilib.

Qeyd edək ki, Dünya Turizm Təşkilatının qərarına əsasən, bu il Dünya Turizm gününün şüarı "Turizm və biomüxtəliflik"dir.