Prezident İlham Əliyev Norveçin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30 Sentyabr 2010 06:18 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqin etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Erlinq Şönsberq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkəmizin Norveç Krallığı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Norveçin ölkəmizlə ilk dəfə fəal əməkdaşlıq həyata keçirdiyini bildirib. Norveçin "Statoyl" şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin səmərəli iş görmələri üçün yaxşı investisiya mühitinin olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Erlinq Şönsberq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini bildirib. Səfir Norveç hökumətinin Azərbaycan ilə dostluq əlaqələrinin bundan sonra da qorunub saxlanılması və münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini qeyd edib.