Prezident İlham Əliyev Latviya səfirinin etimadnaməsini qəbul edib

30 Sentyabr 2010 03:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir Hardiys Baumanis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Xalqlarımız arasında yaxın və səmimi münasibətlərin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanda Latviyanın yaxşı tanındığını deyib.

Əlaqələrimizin inkişafından danışan Prezident İlham Əliyev yaxın illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Bu yaxınlarda Latviyanın sabiq dövlət başçısı Vayra Vike- Freyberqanın ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqa ilə bundan əvvəlki səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Hardiys Baumanis Latviyanın sabiq Prezidenti Vayra Vike- Freyberqanın ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini və Azərbaycandan yaxşı təəssüratlarla ayrıldığını deyib. Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraqlı olduğunu vurğulayan səfir dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyətini qeyd edib.