Arzu Rəhimov: "Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulmasına dair 8 mindən çox fakt aşkarlanıb" - AÇIQLAMA

29 Sentyabr 2010 22:53 (UTC+04:00)
Bu il Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulmasına dair 8 mindən çox fakt aşkarlanıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, miqrasiya qanunvericiliyinin daha çox hansı ölkələrin vətəndaşları tərəfindən pozulması ilə bağlı konkret ölkənin adını çəkmək düzgün deyil.

"Azərbaycanda daha çox hansı ölkənin vətəndaşları var? Əlbəttə ki, Türkiyə. Hansı ölkədən miqrantlar daha çoxdursa, həmin dövlətin vətəndaşları tərəfindən da inzibati hüquq pozmaların sayı da çox olur. Bundan əlavə, bu ilin əvvəllərində keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozan 400-ə yaxın Çin vətəndaşı və bir o qədər sayda Pakistan vətəndaşı Azərbaycan ərazisindən çıxarılıb. Çünki onlar ölkə qanunvericiliyinə ziddi hərəkət edir, qanun pozuntusuna yol verirlər".

Azərbaycanda küçə ticarəti ilə məşğul olan Çin vətəndaşları ilə bağlı sualı cavablandıran DMX sədri bu kateqoriyada insanların sayının çox artmadığını bildirib. Onun sözlərinə görə, bu vətəndaşlar ölkəyə qanuni şəkildə daxil olur, vizada göstərilmiş müddətdə ölkəmizdə yaşayır və hər hansı bir qanun pozuntusuna yol vermirlər. O qeyd edib ki, lakin bu kateqoriyadan olan şəxslər qanunsuz küçə ticarəti ilə məşğul olduqlarına görə, müvafiq qurumlar tərəfindən onlara qarşı tədbirlər görülür.