İsmət Abasov: “Qışda həm buğdanın, həm də çörəyin qiymətinin süni sürətdə artırılmasının qarşısı alınacaq” - AÇIQLAMA

29 Sentyabr 2010 22:08 (UTC+04:00)

"Çörəyin qiymətinin artmasına heç bir əsas yoxdur". Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının, cümlədən çörəyin qiyməti də liberallaşdırılıb: "Lakin bu gün Azərbaycana idxal edilən buğda, o cümlədən ölkədə istehsal olunan buğdadan çörək sənayesində istifadə edilərkən onun maya dəyərinə nəzər yetirilərsə, yaxşı olar. Düşünürəm ki, çörəyin qiymətinin artmasına heç bir əsas yoxdur".

 

"Qışda buğdanın qiymətində artım ola bilərmi" sualına cavabında nazir: "Azərbaycanda istehsal olunan buğdanın qiymətini fermerlər məlum qiymətə satırlarsa, qışda bu qiymət qalxmamalıdır. Yaxud, kimsə taxılın qiymətini süni sürətdə qaldırmaq istəyirsə, Taxıl Ehtiyat Fondundakı buğda buna imkan verməz. Çünki həmin Fonddan bazara buraxılacaq buğda qiymətləri tənzimlənəcək. Bu da imkan verəcək ki, heç kəs nə çörəyin, nə də buğdanın qiymətini qaldıra bilməsin"- deyə bildirib.