“Tanıyaq, Tanıdaq” proqramının təqdimat mərasimi keçirilib

29 Sentyabr 2010 21:21 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində Gənclər üçün Təhsil Mərkəzinin yenicə icra etməyə başladığı "Tanıyaq, Tanıdaq" proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin direktor müavini Elnur Axundov öz çıxışında bildirib ki, 2 il müddətində icra olunması planlaşdırılan proqramın əsas məqsədi ölkəmizin mədəni irsinin, o cümlədən tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, milli adət və ənənələrinin təbliğ olunmasıdır.

"Azərbaycanın milli mətbəxinin, milli kinolarının, xalq yaradıcılığının, eləcədə mədəniyyət və incəsənət sahəsində oxumaq və çalışmaq istəyən gənclərin sayının təbii artımı, mədəniyyət və incəsənətimizə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, ölkəmizdə olan əcnəbilərin Azərbaycanımız haqqında dolğun məlumat və yüksək fikirlərlə ölkəmizdən ayrılmasıdır", -deyə E.Axundov əlavə edib.

Direktor müavini onu da qeyd edib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün proqramın icrası müddətində muzey və teatr həftəliklərinin keçirilməsi, xarici ölkə universitetlərində Azərbaycan mədəniyyət dərnəklərinin qurulması, orta məktəblərdə mədəniyyət klublarının formalaşdırılması, xarici mətbuat üçün yazıların hazırlanması, Azərbaycan muzeylərinin və mədəniyyət mərkəzlərinin virtual bazasının formalaşdırılması, gənclər düşərgələrinin və ekskursiyaların təşkili, internet saytlarının yaradılmasl, sərgi və festivalların keçirilməsi nəzərdə tutulur.

Daha sonra çıxış edən millət vəkili Fəttah Heydərov bildirib ki, dövlət tərəfindən gənclərin inkişafına daim diqqət və qayğı göstərilir. Gənclərin fəalliyəti və inkişafının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu deyən millət vəkili qeyd edib ki, bununla əlaqədar olaraq dövlət tərəfindən onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün vacib layihələr, işlər həyata keçirilir.

Qeyd edək ki, proqramın əsas hədəf qrupları isə yuxarı sinif şagirdləri, tələbələr, region gəncləri, təşkilatları, dövlət qurumlarında və özəl müəssisələrdə çalışan gənclər, xarici ölkələrin təhsil müəssilərinin kollektivləri və xarici ölkələrin mətbu orqanlarıdır.