İlk dərs günü REPORTAJ

15 Sentyabr 2017 12:51 (UTC+04:00)

Bu gün orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib. Şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün bu gün bayramdır. SƏS TV-nin çəkiliş qrupu da “Bilik günü”ndə 160№-li Klassik Gimnaziyada oldu.

“Bilik günü” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra meydana Azərbaycanın Dövlət bayrağı gətirilib.

İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən gimnaziyanın direktoru Faina Ələkbərova yeni dərs ilində hər kəsə uğurlar arzu edib: “Bu gün birincilər daha çox həyacanlıdılar. Çünki, bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq sinif otaqları, müəllimlər sizi gözləyir. Sizə yeni həyatınızda bol uğurlar və əsil gimnaziyaçı olmağı arzu edirəm”.

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin nümayəndəsi ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təhsili yeni dövrünü yaşayır: “Hər il ölkəmizdə onlarla yeni məktəb tikilir və ya əsaslı şəkildə təmir edirlir. Dövlətimiz tərəfindən yaradılan şərait şagirdlərimizin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açır. Əziz şagirdlər sizə yeni dərs ilində bol müvəffəqiyyətlər arzu edirəm. Bayramınız mübarək!”.

Tədbir şagirdlərin ifasında müxtəlif rəqs və kompozisiyalarla davam edib.

Sonda ilk zəng çalındı.

Tədbir zamanı müəllim və şagirdlərin hisslərini öyrənməyi də unutmadıq.

I sinif müəlliməsi: “Bu gün “Bilik günü”dür. Bütün birinciləri və onların valideynlərini bu gün münasibətilə təbrik edirəm. Bu gün onlar üçün çox məsuliyyətli və həyəcanlı gündür. Mən də onlarla bərabər eyni hisləri keçirirəm. Birinci sinif təhsilin əsas etapı sayılır. Bu baxımdan düşünürəm ki, uşaqlarla birlikdə bu il bizim üçün uğurlu olacaq. Mən uşaqlara dərslərində uğurlar və yaxşı oxumağı arzu edirəm. Arzu edirəm ki onlar məktəbdə özlərini rahat hiss etsinlər. Valideynlərə isə uşaqlara daha çox diqqət ayırmağı arzu edirəm”.

XI sinif müəlliməsi: “İlk növbədə bütün məktəbliləri yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il gimnaziyamıza daxil olan I siniflərə 11-ci sinfə gəlib çatmağı, bacarıqlı və fəal olmağı arzu edirəm. Bu gün sevinc hisslərim sonsuzdur. Şagirdlərə bol uğur, müəllimlərə isə səbir, təmkinli olmağı diləyirəm”.

I sinif müəlliməsi: “ Bu gün körpə fidanların həyatında təkrarolunmaz bir gündür. Çünki bu gün onlar şagird adına layiq görülürlər. Ölkəmizdə bu adı qazanan bütün birinciləri təbrik edir, onlara aydın səma arzu edirəm. Arzu edirəm ki, ölkəmiz hər zaman firavan uşaqlarımızın başının üstündə günəş olsun. Sağ-salamat məktəbi qurtarıb, ölkəmizin adını bütün dünyada yüksək səviyyədə təmsil etsinlər. Onların sorağı dünyanın hər yerindən gəlsin”.

Balaca fidanlarımız isə məktəbi çox sevdiklərini və yaxşı oxuyacaqlarını dedilər.

Məktəbi çox sevdiyini deyən balaca Nilufər məktəbə oxumaq üçün gəldiyini deyir: “Məktəbi çox sevirəm. Məktəbə yazı yazmaq, öyrənmək üçün gəlirlər. Məktəbdən qorxmuram və dərslərimi yaxşı oxuyacam”.

Böyüyəndə bir neçə peşə sahibi olmaq istəyən İsmayıl bu arzusuna çatmaq üçün dərslərinə diqqət edəcəyini söylədi: “ Böyüyəndə həkim, polis, əsgər olacam. Bunun üçün dərslərimi yaxşı oxuyacam . Oxumaqdan da qorxmuram”.

İlk dəfə məktəbə gələn Səkinə müəlliməsini ilk gündən çox sevdiyini dedi: “ Mən də məktəbi çox sevirəm. Müəlliməm çox xoşuma gəlir. Məktəbə gəlmək mənim üçün əziyyət deyil. Əl-üzümü yuyub, yeməyimi yeyib, paltarımız geyinib sevinərək məktəbə gəlmişəm”.

Balaca Alpər də məktəbdə dərslərini yaxşı oxuyacağını qeyd etdi: “ Dərs oxumaq məni qorxutmur. Bura yazı yazmağa, oxumağa gəlmişəm. Məktəbə gəlmək üçün səhər saat 6-da yuxudan durmuşam. Məktəbə hazıram.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq. Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.