Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüşü keçiriləcək

29 Sentyabr 2010 00:16 (UTC+04:00)
Sentyabrın 30-da bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərib Prezident təqaüdünə layiq görülmüş gənclərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliyi və kollektivinin görüşü keçiriləcək. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, görüşdə çıxışlar, təbriklər səsləndiriləcək, mükafatların təqdimatı olacaq.

Qeyd edək ki, sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev 2010/2011-ci tədris ilində respublikanın ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli Fərmanına uyğun olaraq, 2010/2011-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən və respublikanın ali məktəblərinə daxil olmuş 103 tələbəyə prezident təqaüdünün verilməsi qərara alınıb.