Uqo Çaves seçkiləri “itirərək” qazandı

29 Sentyabr 2010 01:18 (UTC+04:00)

Venesuelada keçirilən parlament seçkilərinin qalibi dövlət başçısı Uqo Çavesin rəhbərlik etdiyi Birləşmiş Sosialist Partiyası olsa da o, parlamentdə hədəflədiyi çoxluğu əldə edə bilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkiləri "itirərək" qazanan Birləşmiş Sosialist Partiyası 95 millət vəkili yeri qazana bilsə də, bu çoxluq qazanmaq üçün kifayət etməyib. Belə ki, parlamentdə çoxluq təşkil etmək yerlərin 2/3-ni qazanmaq lazımdır.

 

Müxalifəti bir yerə yığa bilən "Demokratik Birlik Stolu" 59 mandat əldə edib. Çavesin bəzi planlarına əngəl olan blok builki seçkilərdə daha 55 yer qazanaraq nüfuzlu bir qrup halına gəlib. Çavesin yeni dövr planları arasında olduğu yüksək məhkəməyə hakimlərin təyin etməsi və bəzi qanunların qəbulu mümkün olmaya bilər. Prezident istəyinə nail olmaq üçün müxalifətin dəstəyini almaq məcburiyyətindədir.

 

Mərkəzi Seçki Komissiyası Birləşmiş Sosialist Partiyasının 46,6, müxalifət blokunun isə 45,1 faiz səs topladığını açıqlayıb. Müxalifətin 2005-ci ildəki seçkiləri boykot etməsindən sonra bu seçkilərdə əhalidən güclü dəstək qazanması Çavezə zərbə olaraq xarakterizə edilir. Seçkilərə həmçinin 2012-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi dövlət başçısının nüfuzu baxımından da bir göstərici olaraq baxılır.