BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində (CÇM) uzunmüddətli (3 tam iş günü) başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Başçəkmə zamanı 6 saylı CÇM-nin rəhbərliyi və əməkdaşları tərəfindən MPM qrupunun üzvləri üçün lazımi şərait yaradılıb.
Qeyd edilməlidir ki, bu ağır rejimli CÇM-də Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbi məhkumlar da cəza çəkir.
MPM qrupunun üzvləri müəssisənin bütün obyektlərinə – yataqxanalara, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına, mətbəxə, yeməkxanaya və digər obyektlərə baş çəkiblər.
Başçəkmə zamanı müəssisənin bütün yataqxanalarının dam örtüyünün dəyişdirilməsi, yataq yerlərinin döşəmələrinin taxtadan olması, məhkumların normal qida ilə təmin edilməsi, dindar məhbusların dini ayinləri yerinə yetirməsi üçün geniş ibadət yerinin yaradılması, onlarla görüşə gələn şəxslər üçün normal şəraitin təmin edilməsi, qısamüddətli və uzunmüddətli görüş yerlərinin lazımi avadanlıqla təchiz olunması, məhkumlar üçün kompüter kurslarının təşkili, tibb hissəsinin otaqlarının əsaslı təmiri müsbət hal kimi qiymətləndirilib.
Söhbət zamanı məhkumlar saxlanma şəraitindən və onlarla rəftardan narazı olmadıqlarını bildiriblər. Eyni zamanda 6 saylı CÇM-də cərimə təcridxanasının təmirə ehtiyacı olduğu, tibb hissəsində stomatoloji stolun yenisi ilə əvəz edilməsinin zəruriliyi, bir neçə məhkumun aidiyyəti qurum tərəfindən əlillik dərəcəsi ala bilməməsi müəyyən edilib.
Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veriblər. 6 saylı CÇM-ə səfərə dair məlumat Ədliyyə Nazirliyinə göndərilib. MPM qrupu tərəfindən 6 saylı CÇM-ə bir neçə aydan sonra təkrar başçəkmə həyata keçirilməsi qərara alınıb.