ATƏT-in DTİH Bürosunun parlament seçkilərini izləyəcək müşahidə missiyası bu gündən rəsmən fəaliyyətə başlayıb

29 Sentyabr 2010 00:32 (UTC+04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 7 noyabr tarixdə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyası bu gündən öz fəaliyyətini rəsmən açıq elan edib. SİA-nın məlumatına görə, bunu xanım Audrey Glover keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi missiya Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti əsasında Azərbaycana göndərilib: "ATƏT-in bütün iştirakçı dövlətləri öz ölkələrində keçirilən seçkilərə DTİHB-nı dəvət etmək öhdəliyi daşıyırlar. Missiya seçki prosesini izləməklə seçkinin ATƏT qarşısında götürülən öhdəliklər, demokratik seçkilərin keçilirməsinə dair digər beynəlxalq standartlar və eləcə də milli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək".

 

Səfir A.Glover bildirib ki, missiya görüşlər və seçkiqabağı yürüşlər keçirmək, həmçinin mediyaya bərabərhüquqlu çıxış əldə etmək də daxil olmaqla seçicilərin rəqabət aparan digər alternativlər haqqında məlumatlı seçim edə biləcəkləri şəffaf siyasi rəqabətin müşahidə olunmasına xüsusi fikir verəcək: "Bu seçkilər Azərbaycanın demokratik seçkilər keçirmək sahəsində öhdəliklərinin ardıcıllığını təşkil edir. Missiyanın əsas heyətinə daxil olan 16 nəfər 11 ATƏT ölkəsini təmsil edir. Bu gün artıq 22 nəfərdən ibarət qrup gəlib. Onlar lazımı təlimatlar alaraq həftənin sonunda regionlara göndəriləcəklər. Qısamüddətli müşahidə missiyası isə Azərbaycana noyabrın 5-də gələcək. Missiyamız bu seçkilərin Kopenhagen öhdəliklərinə uyğunluğunu yoxlayacaq, demokratik seçkilərin digər standartlara uyğunluğunu qiymətləndirəcək, həqiqi siyasi rəqabətin olması, namizədlərə bərabər imkanların yaradılması, mətbuata bərabər çıxış məsələlərinə xüsusi diqqət ayıracaq. Namizədlərin qeydə alınma prosesini izləmək üçün iki ekspert qrupu sentyabrın 19-u Bakıya gəlib. Missiya əsas diqqəti qanunvericilik və onun icrası, seçki administrasiyası və müvafiq hökumət qurumlarının işi, seçki kampaniyası və mediyanın vəziyyəti, daxili müşahidəçilərin seçki prosesinə buraxılışı və seçki ilə bağlı mübahisələrin həlli məsələlərinə yönəldəcək".

 

O, qeyd edib ki, missiya həmçinin DTİHB tərəfindən irəli sürülmüş tövsiyələrin, xüsusən də 2008-ci il seçkilərdən sonrakı tövsiyələrin hakimiyyət orqanlan tərəfindən hansı səviyyədə nəzərə alınmasına da diqqət yetirəcək: "Bu seçkilər ATƏT-in Azərbaycanda izləyəcəyi sayca 8-ci seçki olacaq. Biz DTİHB-in tövsiyələrinin hakimiyyət orqanları tərəfindən hansı səviyyədə həyata keçirilməsinə diqqət yetirəcəyik, 2 aralıq hesabat hazırlanacaq, 11 heyət ölkənin müxtəlif yerlərinə ezam olunacaq. Seçkilərdən bir gün sonra ilkin hesabat açıqlanacaq, təxminən 8 həftədən sonra isə yekun hesabat dərc olunacaq".

 

Səfir deyir ki, DHİTB Bakıda yerləşdirilən 16 seçki prosesi üzrə beynəlxalq ekspert və regionlarda yerləşən 22 uzunmüddətli müşahidəçi qrupuna əlavə olaraq ATƏT-in iştirakçı ölkələrindən 450 qısamüddətli müşahidəçilərin göndərilməsini istəyib. Seçki günü, qısamüddətli müşahidəçilər səsvermə məntəqələrinin açılmasına, səsvermə prosesinə, seçki bülletenlərinin sayılmasına və o cümlədən səslərin hesablanmasına nəzarət edəcək.

 

Qeyd edək ki, parlamentdəki tərəfdaşlarla birlikdə, missiya seçki günündən sonrakı gün ərzində gəldiyi ilkin nəticələr və yekunlar haqqında, o cümlədən seçki prosesindən iki ay sonra isə yekun nəticələr haqqında bəyanat verəcək. Eyni zamanda bu seçkilərdə ATƏT/DHİTB seçkiləri müşahidə missiyası ATƏT-in Parlament Assambleyasının nümayəndə heyətinin birgə səylərinə qoşulacaq.

 

Xatırladaq ki, ATƏT-in Bakı ofisi və DHİTB seçkiləri müşahidə missiyası fərqli mandatlar əsasında fəaliyyət göstərirlər.