Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni” adlı elmi-praktik konfrans keçirilib.
Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləri Musa Qasımlı, Kəmaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Konfrans rayonun istedadlı gənci Aydan İlxaslının “Qarabağ şikəstəsi” muğamı ilə start götürüb, daha sonra səhnəyə qalxan rayonun 179 saylı məktəbin şagirdi Aysu Əsgərova “Azərbaycan” şeirini səsləndirib və Cocuq Mərcanlıya həsr edilən filmin fonunda Aysu və Əsma Məmmədova bacılarının “Azərbaycan” musiqisinin ifası ilə başlanıb.
Daha sonra tədbir rayonun fəal gənclərinin hazırladıqları Azərbaycan Respublikasının dövlət himnin fonunda kompozisiya ilə açıq elan edilib.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2016-2017-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir: "Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb. Eyni zamanda, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib. Bu il rayonumuzun orta məktəblərini bitirən 2368 məzundan 1417-i ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvəllki illərə nisbətdə göstəricilər yüksələrək – 105 nəfər olubdur".
Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş 267 nömrəli tam orta məktəbin məzunu İlkin Feyzullayev, 135 nömrəli tam orta məktəbin məzunu Vəli Quliyev, 205 nömrəli tam orta məktəbin məzunu Arzu Qubadzadə əldə etdikləri təhsil uğurlarından danışıblar.
Daha sonra çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və millət vəkili Musa Qasımlı öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğulayıb. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib.
Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərən məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.
Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanan gənclərlə xatirə şəkli çəkdirilib.
Konfransa məzunların ifasında “Bizim Zaman” mahnısı ilə yekun vurulub.
Konfransdan sonra iştirakçılar üçün çay süfrəsi təşkil edilib və tədbir qeyri-rəsmi formatda davam edib.