Paulius Qribauskas: "Xəzər-Lənkəran" udmadı, sadəcə biz öz səhvimiz ucbatından məğlub olduq"

28 Sentyabr 2010 23:00 (UTC+04:00)

"Mən ötən mövsümdə "Xəzər-Lənkəran"a qarşı oyunlarda çıxış etmişəm. Bu görüş də öz ab-havasına görə əvvəlkilərdən fərqlənmirdi". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi"nin rəsmi saytına açıqlamasında klubun qapıçısı Paulius Qribauskas deyib. O, "Xəzər-Lənkəran" kimi komandalarla matçda bəzən bir səhvin oyunun taleyini həll  etdiyini bildirib. Lənkəranda keçirilən oyunun da belə səhv səbəbindən taleyinin həll olunduğunu qeyd edən futbolçu məğlubiyyətin yalnız öz səhvlərindən qaynaqlandığını vurğulayıb: "Mən düşünürəm ki, həmin matçı "Xəzər-Lənkəran" udmadı, sadəcə biz öz səhvimiz ucbatından məğlub olduq. Futbolda belə hallara rast gəlmək mümkündür, bir komanda yaxşı oynasa da, görüşdə pis təsir bağışlayan komandanın bəxti gətirir. Təbii ki, bizim heyətimizdə yer alan bütün futbolçular bu vacib görüşdə yalnız qələbəyə köklənmişdilər. Komandamızın üzvləri meydanda var gücləri ilə mübarizə aparsalar da, görüşün son dəqiqələrində rəqibin bəxti gətirdi".