Rasim Musabəyov: "Məkirli dairələr heç vaxt istəklərinə nail ola bilməyəcəklər" MÖVQE

6 Sentyabr 2017 17:07 (UTC+04:00)

"Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar. Bu gün həyata keçirilən qarayaxma kampaniyası ermənipərəst qüvvələrin növbəti təxribat cəhdidir". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, "Vaşinqton Post" qəzetində Azərbaycanla bağlı qərəzli yazıların dərc olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədi daşıyır: "Azərbaycanın gündən -günə inkişafı, yüksələn beynəlxalq imici, milli və dövlətçilik maraqların hər şeydən üstün tutması bəzi dairələrin xüsusilə də, ermənipərəst qüvvələrin ciddi narahatçılığına səbəb olur. Ona görə də bu cür çirkin üsullarla dövlətimizə qarşı addımlar atılır, qərəzli yazılar dərc olunur. Amma həmin məkirli dairələr bilməlidirlər ki, heç zaman öz istəklərinə nail ola bilməyəcəklər. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil".