“Dünya tullantılarının 32%-i ABŞ və Çinin, 17%-i Rusiya və Hindistanın hesabına düşür”

28 Sentyabr 2010 00:57 (UTC+04:00)

ATGTİ daxilində müxtəlif işçi qrupları yaradılıb. Bu qruplardan biri olan Ekoloji işçi qrupu fəaliyyətinin davamı kimi 25 Sentyabr 2010-cu il tarixində "Alternativ enerji mənbələrindən səmərəli istifadə" mövzusunda seminar keçirib. Seminarda müxtəlif Ali Təhsil Müəssisələrinin ekologiya fakultələrinin 30-dan çox tələbəsi iştirak edib. Görüşə mütəxəssis qismində Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev dəvət olunub.

SİA-nın məlumatına görə, seminarın keçirilməsinin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2011-ci ilin Respublikamızda Ekologiya ili elan edilməsi çərçivəsində tələbələrə "Alternativ Enerji" mövzusunda məlumat verməkdir.

İlk olaraq iştirakçılar qarşısında ekoloji işçi qrupunun rəhbəri Surxay Əliyev çıxış edib. O mövzunun vacibliyini vurğulayıb və "Alternativ enerji mənbələri hər bir inkişaf etmiş ölkənin maraqlarına daxil olan məsələdir, Azərbaycan da belə ölkələrdən biridir" deyə çıxışını bitirib.

Mütəxəssis Fəqan Əliyev tələbələrə müxtəlif enerji mənəbələri, onların yaranma tarixi haqqında məlumat verib. F.Əliyev qeyd edib ki, ilkin enerji mənbələri su, külək və Günəş olub. Lakin sənayeləşmə nəticəsində bəşəriyyət yeni enerji mənbələri tapıb. Mütəxəssisin sözlərinə görə 1990-cı ildən 2009-cu ilə qədər adambaşına düşən enerji istifadə əmsalı 25% artıb, amma son araşdırmalar göstərir ki, növbəti illərdə bu göstərici azalacaq. Dünya əhalisi enerjini qənaətlə istifadə etməyə başlayıb.

F.Əliyev tələbələrlə söhbətində ekologiya və ətraf mühit problemlərinədə toxunub. "Təbiət özünə hörmət tələb edir. Bəşəriyyət təmiz enerji mənbələrindən istifadə etməlidir", deyən mütəxəssis bildirib ki, hazırda dünya tullantılarının 32%-i ABŞ və Çinin, 17%-i Rusiya və Hindistanın hesabına düşür. Amma Almaniya kimi ikişaf etmiş ölkə elektrik enerji təlabatının 18% -ni küləkdən (alternativ mənbədən) alır.

Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 milyard, neft və kömürün istehsalına isə 110 milyard dollar vəsait xərclənib.