ARDNŞ “Petkim” şirkətinə 10 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq

26 Sentyabr 2010 20:54 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin iri neft-kimya kompleksi olan "Petkim" şirkətinə yaxın 7-8 ildə 10 milyard ABŞ dolları məbləğində sərmayə yatırmağı planlaşdırır.

SİA-nın məlumatına görə, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibəsində deyib ki, bu məbləğin 3,5-5 milyard dolları xammala olan ehtiyacı ödəmək məqsədi ilə Əliağa rayonunda istehsal gücü 10-15 milyon ton olan neft emalı zavodunun tikintisinə xərclənəcəkdir. Zavodun tikintisinin 2014-2015-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, 2008-ci ildə ARDNŞ SOCAR-Turcas/İnjaz alyansı çərçivəsində Türkiyənin iri neft-kimya kompleksi olan "Petkim" şirkətinin səhmlərinin 51 faizini 1,6 milyard ABŞ dollarına alıb.

"Petkim" şirkətinin əsas məhsulları etilen, polietilen, polivinilxlorid, akrilonitrildir. Şirkətin məhsulları, əsasən, Türkiyə bazarına çıxarılır.