“Könüllülər Yurdu-Azərbaycan” Qəbələdə

26 Avqust 2017 09:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin regionlar üzrə səfərləri yekunlaşıb. SİA-nın xəbərinə görə, avqustun 10-da start götürən layihə çərçivəsində artıq sonuncu və 8-ci region kimi növbəti təlim və aksiya 24-25 Avqustda Qəbələ şəhərində reallaşıb.

24 Avqust 2017 tarixində keçirilən təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Qəbələ, Şəki, Qax və Oğuzdan olan 150-ə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf haqqında çıxışlar ediblər.

Daha sonra- 25 Avqustda gənc iştirakçılar “Bərpa işləri” aksiyasını keçirib və bu aksiyanın əsasında iştirakçılar ilk dəfə könüllülük prinsipləri əsasında işləyiblər. Sonda iştirakçılar ilk könüllü fəaliyyətlərinə görə sertifikatla təltif ediliblər.

Qeyd edək ki, “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar keçirilib.

Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirak edib, 80 min nəfərdən artıq vətəndaş könüllülük fəaliyyəti haqqında məlumatlandırılıb.

Onu da qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-cı ildə keçirilib.