Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” adlı məlumat saatı keçirilib

24 Avqust 2017 12:43 (UTC+04:00)

24 avqust tarixində Binəqədi Rayon İcra Hakimiyyətində "Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində" mövzusunda "Məlumat saatı" keçirilib. SİA-nın məlumatına görə, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, rayonun orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məlumat saatının proqramı haqqında məlumat verib. Daha sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat verib və bildirib ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaqdır. Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində" mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışında bildirib ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olubdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlayıb. Ulu Öndərin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Natiq onu da qeyd edib ki, Müstəqilliyimizin ilk ilində-1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalıb. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanıb. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılıb. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşıb.