Belarus səfiri Gəncə Avtomobil Zavodunda olub- FOTOSLAYD

25 Sentyabr 2010 00:53 (UTC+04:00)

Gəncə şəhərində səfərdə olan Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç Gəncə Avtomobil Zavodunda olub. Müəssisənin iş prinsipi ilə tanış olan diplomata bir il ərzində həyata keçirilən yeniliklər barədə məlumat verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Nikolay Patskeviç zavodda yaradılacaq yeni sexlərin bazaları ilə tanış olub. Yeni istehsal olunacaq texnikaların əhəmiyyəti, ətraf bölgələrdə onlara olan tələbat ətraflı izah olunub. Xüsusi olaraq vurğulanıb ki, hazırda Gəncə Avtomobil Zavodu, Minsk Traktor və Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti birgə yeni kommunal texnikaların yığılmasını həyata keçirəcək.

İlkin məlumatlara görə istehsal olunacaq texnikalar qonşu ölkələrin bazarlarında satılacaq. Artıq yeni model kommunal texnikaların yığılması ilə bağlı ehtiyat hissələri müəssisəyə gətirilib. Bundan əlavə avtomobillərin yığılması üçün ümumi sahəsi 7000 kv.m olan yeni istehsal sahəsi yaradılıb. Görülən bu işlər isə yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

"Gəncə Avtomobil Zavodu ilə Belarus müəssisələri arasında yeni mərhələ başlayıb. Qarşıda bir sıra vacib məsələlərin həlli durur. Artıq məlumatınız var ki, Zavod, həmçinin Belarusun Traktor və Avtomobil Zavodu, Almaniyanın "Haller" şirkəti ilə birgə yeni modifikasiyalı kommunal texnikaların yığılmasına başlayacaq. Bu da əlavə imkanların yaradılması, yeni iş yerlərinin açılması deməkdir. Biz 4 il budan öncə əgər min və ya iki min traktorun yığılmasını planlaşdırırdıqsa, təxminən 300-350 nəfərin işə cəlb olunması nəzərdə tutulurdusa indi bu rəqəmlər köhnəlib. Yeni müsbət nəticələr özü ilə yeni imkanları gətirib", deyə diplomat əlavə edib.

Statistik rəqəmlərə görə 2007-ci illə 2010-cu il arasında aparılan müqayisə göstərib ki, bu dövr ərzində təkcə "MAZ" avtomobillərinin yığılmasında 12 dəfə artım var. Ayrıca cari ilin sentyabr ayına olan məlumata görə, Gəncə Avtomobil Zavodunda "Belarus" markalı 1896 ədəd traktor yığılıb. Cari ilin 9 ayının nəticələrinə əsasən isə müəssisədə 235 ədəd əlavə "Bealrus" markalı taraktor 477 ədəd "MAZ" 130 ədəd "DEM" 114 ədəd ekskavator, 12 ədəd "MAZ" avtokranı 600 ədəd kənd təsərrüfatı texnikası və 20 ədəd traktor qoşqusu istehsal olunub.

Tədbirdə müəssisənin işçiləri üçün konsert proqramı təşkil olunub.

Belarusdan Gəncəyə səfər edən folklor kollektivi konsert proqramı ilə çıxış edib.