“Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək
24 Sentyabr 2010 20:01 (UTC+04:00)
Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub.
Dünya təcrübəsində analoqu olmayan bu müsabiqə və konfransların məqsədi təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşmasıdır. Müsabiqə və konfransı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Bakı Musiqi Akademiyası bazası əsasında Təhsil Nazirliyi təşkil edir.
Elmi- ifaçılıq müsabiqəsinin sədri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Bədii rəhbər – BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur.
Qeyd edək ki, konfrans dekabrın 1-dən 10-na kimi keçiriləcək.