Uydurma müharibə

24 Sentyabr 2010 19:31 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Corc Buş Administrasiyasının iclas qeydlərindən bəlli olub ki, İraq mürahibəsi planları hələ 2001-ci ildə masa üzərində olub. SİA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, sənədlərdə Türkiyənin işğaldakı yoluna dair müzakirələr də yer alıb.

 

ABŞ-ın Buşun hakimiyyətə gəlməsindən dərhal sonra İraq müharibəsinə hazırlaşdığı təxmin edilirdi. Ancaq bu hazırlıqlar, ilk dəfə nəşr olunan sənədlərlə sübut edilib. Vaşinqton Universitetinin nəzdində olan Milli Təhlükəsizlik Arxivləri adlı qeyri-hökumət təşkilatı məlumat əldə etmə haqqından istifadə edərək C.Buş rəhbərliyində təmsil olunan insanlardan 2001-ci ilə aid yazışmaları və toplantı qeydlərinin əldə edib. Qeydlərə görə, dövrün müdafiə naziri Donald Ramsfeld Buşun Milli Təhlükəsizlik üzrə Məsləhətçisi Kondaliza Rayz və vitse-spiker Dik Ceynə İraqla daha çox maraqlanmasını, ola biləcək bir müharibə mövzusunda toplantının təşkil edilməsini təklif edir. Müdafiə naziri 11 Sentyabr hücumlarından bir neçə saat sonra edilən iclasda həm Usama bin Ladenə, həm də İraqa hücum edilməsinin lazım olduğunu söyləyir. Ramsfeld eyni yığıncaqda bir Pentaqon vəkilinə öz köməkçisi ilə görüşüb Səddam rejimi və "Əl-Qaidə" arasında əlaqə olduğunu göstərən "faktlar" tapılması ilə bağlı göstəriş verir.

 

"Döyüşü necə başlasaq?"

 

Ancaq nəşr olunan sənədlərdən biri döyüşün ən az iki il əvvəldən bəhanələri və işğal sonrası detalları ilə hazırlandığını göstərir. Ramsfeld 27 noyabr 2001-ci il tarixində Floridaya gedərək ABŞ Silahlı Qüvvələrinin xaricdəki səlahiyyətli nümayəndəsi, ABŞ-ın mərkəz komandiri Tommi Franks ilə görüşüb. Müdafiə naziri bu görüşdə Franksa "İraq rəhbərliyinin başını kəsməyə hazır olmalı olduğunu" söyləyir. Ramsfeld və Franksın əl yazısı ilə hazırladığı və qeydlər götürdüyü sənədin maraqlı detalları aşağıdakılardır:

 

- Sənədin ilk hissəsində "Kütləvi qırğın silahlarını gündəmə gətir" ifadəsi var. Daha sonra "Rejimin dəyişməsi üçün münbit şərait yaradılması" başlığı altında "İnqilab gözətçilərini ələ keçir, ya da yox et, Bağdadı təcrid et, şimal və cənubdakı neft yataqları" ifadələr var. Bu hissənin yanında əl yazısı ilə "dağıdılmasını təmin etmək üçün hansı yolla getməli?" yazılıb.

 

- "Necə başlanmalı?" başlıqlı hissədə isə müharibəyə başlamaq üçün mümkün olacaq üç ssenari belə sıralanır:

 

1. Səddam Şimali İraqdakı kürdlərə qarşı hərəkətə keçir.

 

2. ABŞ Səddamın 11 Sentyabrla əlaqəsini və ya ekiz qüllələrə hücum edənlərlə əlaqəsini kəşf edir.

 

3. Kütləvi qırğın silahlarınin araşdırmaları ilə əlaqədar müzakirələr edilir.

 

"Türkiyə kömək etməyə bilər"

 

Sənəddə Səudiyyə Ərəbistanı və Türkiyənin müharibədə iştirak etməyəcəyi variantı da qiymətləndirilib. Sənəddə "ABŞ yalnız 2-3 körfəz ölkəsindən kömək ala bilər" ifadəsinə yer verilib, koalisiyada kimlərin olmasının lazım olduğu müzakirə olunub. D.Ramsfeldin general Franks ilə hazırladığı sənədinin ikinci hissəsində İraqın işğalından sonra atılacaq addımlar yer alıb. "Səddam qonşulara raket atarsa?" hissəsinin də yer aldığı sənəddə müvəqqəti hökumətin qurulacağı yazılır. Plana görə, işğaldan sonra Səddam və onun ətrafındakılar döyüş cinayətləri ilə ittiham olunaraq mühakimə olunacaq, İraqın dondurulan fondları müvəqqəti hökumətə təhvil veriləcək, bu hökümətə neft satışı ilə əlaqədar səlahiyyət veriləcək.