“Günəşli” yatağında nanosistemlər tətbiq edilib

24 Sentyabr 2010 19:10 (UTC+04:00)
"Günəşli" yatağındakı 19 və 6 nömrəli platformalarda 69 və 70 nömrəli quyularda "nanoneft" və "nanomay" (maşın atqı yağları) sistemləri tətbiq edilib. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, elmi cəhətdən əsaslandırılan ekoloji fəsadlar yaradan yararsız tullantı maşın yağları nano-hissəciklər üçün keyfiyyətli ötürücü vasitə kimi müəyyən edilib. Bu sistemlər məhsuldar layların qazılması zamanı filtratın məhsuldar laya yürüş radiusunu azaltmaqla yanaşı, suvermənin kiçik hədd qiymətlərində gil qabığının qalınlığının qorunub saxlanılmasına imkan verib. Yeni "nanomay" sistemlərinin tətbiqi nəticəsində qazmada əsas reoloji göstəricilər yaxşılaşıb.

Qeyd edək ki, 70 nömrəli quyu artıq layihə dərinliyinə çatdırılıb. 69 nömrəli quyuda isə qazma işləri mürəkkəbləşmələrsiz davam etdirilir. "Nanomay" sistemi dünya qazma praktikasına yenilik gətirib.