"Sahil" metrosuna alternativ yol axtarışı REPORTAJ

18 Avqust 2017 15:00 (UTC+04:00)

İnsanlar tərəfindən ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsindən biri də metrodur. Metro stansiyaları arasında ən çox istifadə olunanlardan biri də “Sahil” metrosudur. Bakı Metropolitenindən verilən açıqlamaya görə, "Sahil" stansiyası avqustun 20-dən təmir-bərpa işləri ilə əlaqədar sərnişinlərin üzünə bağlanacaq və təmir işləri yalnız gələn ilin iyun ayının sonlarına qədər yekunlaşdırılacaq. Bir çox təhsil müəssisələrinin, bank, otel və digər iaşə obyektlərinin bu ərazidə yerləşdiyini nəzərə aldıqda bura gələn vətəndaşlarımız 1 ilə yaxın müddətdə digər nəqliyyatdan istifadə etməli olacaqlar. Bəs görəsən vətəndaşlar buna hazırdırmı və hansı alternativ yollardan istifadə edə bilərlər?

Məsələ ilə bağlı ilk “Bakı Metropoliteni" QSC-nin mövqeyini öyrəndik. Bununla bağlı SİA-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “Sahil” stansiyasının bağlanması ilə bağlı rəsmi elandan sonra bəzi sərnişinlər tərəfindən stansiyanın uzun müddətli bağlanması ilə bağlı etiraz bildirilib: “Təkcə eskalatorların yenisi ilə əvəz edilməsi bir neçə aya başa gələn prosesdir. Lakin burada fərqli məqam “Sahil” stansiyasının bir çıxışlı olmasıdır. İndiyədək “Neftçilər”, “ 28 May”, “Nizami”, Xalqlar dostluğu”, “Nəriman Nərimanov” və digər metro stansiyalarında da təmir işləri aparılsa da, onların heç birində sərnişinlərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb. Çünki adı çəkilən stansiyaların hər biri iki çıxışlı olduğu üçün onların bir çıxışını bağlamaqla bu işləri görmək mümkündür. Amma “Sahil” stansiyası bir giriş-çıxışlı olduğundan və eskalatorlar dəyişəcəyindən stansiyanın ümumilikdə bağlanması məcburidir”.

Şöbə rəisi vurğulayıb ki, “Sahil” metrosunun təmirə bağlanması təkcə “Bakı metropoliteni”nin qəbul etdiyi qərar deyil: “Stansiyanın uzun müddətli bağlanması əvvəlcədən digər qurumlarla da razılaşdırılıb. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyinə xəbərdarlıq edilib. Yəqin ki, buna müvafiq olaraq vətəndaşların digər nəqliyyatlardan istifadə etməsi üçün tədbirlər görəcəklər. “Bakı metropoliteni” də öz növbəsində təmir müddətin qısaldılmasına və stansiyanın daha tez zamanda təhvil verilməsi üçün əlindən gələni edəcək”.

Qış aylarında gün ərzində “Sahil” stansiyasından 30-32 min sərnişinin istifadə etdiyini deyən qurum sözçüsünun sözlərinə görə, bu rəqəm yay aylarında 25-27 minlə əvəzlənir.

N.Paşayev sərnişinlərə müraciət edərək onu da bildirib ki, “Sahil” metro stansiyasından istifadə edənlər gedəcəkləri yeri əvvəlcədən müəyyən etməklə alternativ olaraq “28 May” və “İçərişəhər” metro stansiyalarından istifadə edə bilərlər.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, agentlik tərəfindən “Sahil” metrosunun bağlanması ilə əlaqədar həmin istiqamətdə hərəkət edən bütün marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərilib: “Sahil” metrosu istiqamətində fəaliyyət göstərən 5,18, 88 və 125 nömrəli marşrut xətləri üzrə daşıyıcılara bildirilib ki, intervala maksimum dərəcədə əməl etsinlər ki, sərnişinlərin daşınmasında hər hansı problem olmasın. Bundan əlavə daşıyıcılara ehtiyac yarandığı təqdirdə nəqliyyat vasitələrinin sayının artırılması barədə xəbərdarlıq edilib”.

Bəs görəsən metro istifadəçiləri buna nə deyir?

“Sahil” metro stansiyasının ətraf ərazilərində çalışıdığını deyən Yusifova Minəxatun Stansiyanın bağlanması haqqında xəbərdar olduğunu, özünə alternativ yol seçdiyini dilə gətirib: “Sahil” stansiyası bağlandıqdan sonra alternativ olaraq “28 May” metrosundan istifadə edəcəm. 8-ci kilometr ərazisində yaşadığımdan 1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan da istifadə etmək imkanım var. Bu baxımdan metronun bağlanmasının mənim üçün heç bir narahatlığı yoxdur. Müvəqqəti olaraq “İçərişəhər” metrosundan da istifadə etmək olar”

Metro istifadəçisi İbrahimov Ədalət “Sahil” stansiyasının bağlandıqdan sonra marşrutdan istifadə edəcəyini bildirib: “Daimi metro istifadəçisiyəm və ona görə də “Sahil” metrosunun bağlanması haqqında məlumatlıyam. Stansiyaya giriş-çıxış məhdudlaşdıqdan sonra müvəqqəti olaraq 88 nömrəli marşrutdan istifadə edəcəm”.

İctimai nəqliyyat vasitələrindən ən çox metrodan istifadə edən Şəhər sakini “Sahil” metrosunun bağlanacağından xəbərdar olmadığını dilə gətirib: “Metro yaxınlığında yaşadığım üçün ictimai nəqliyyat vasitələri arasında 90 faiz istifadə etdiyim vasitə məhz metrodur. Lakin “Sahil” metrosunun bağlanacağından heç bir xəbərim yoxdur. Stansiya bağlandıqdan sonra hesab edirəm ki, yeganə alternativ vasitə marşrutdur. Bundan başqa “28 May” metrosundan istifadə etmək olar”.

Şəhər sakini Eldar əmi isə “Sahil” metrosu ərazisində fəaliyyət göstərən ticarət mərkəzində çalışdığı üçün daimi olaraq metrodan istifadə etdiyini qeyd edib: “Bu ərazidə çalışdığım üçün hər gün “Sahil” metrosundan istifadə edirəm. Lakin metro bağlandıqdan sonra digər vasitələrdən istifadə etmək məcburiyyətində qalacam. Çünki, “28 May” və “İçərişəhər” metro stansiyalarından istifadə etmək mənə sərf etmir”.

Bakı sakini müvəqqəti olaraq “28 May” metrosundan “ Sahil”ə gələcək marşrutların təşkil edilməsi təklifini də irəli sürüb.

Qeyd edək ki, "Sahil" metro stansiyası avqustun 20-dən sərnişinlərin giriş çıxışı üçün bağlı olacaq. Stansiyada 10 ay müddətində təmir bərpa işləri aparılacaq.