Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrini tutacaq namizədlərə kömək...

24 Sentyabr 2010 02:44 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası dövlət qulluğu üzrə zəruri qanunvericilik bilikləri, namizədlərin iddia etdiyi dövlət orqanının ümumi təyinatı və vakant vəzifə üzrə zəruri biliklərə dair müsahibə proqramlarını hazırlayaraq namizədlərin ixtiyarına verib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu proqramlar dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı sentyabrın 1-də elan edilmiş müsahibə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikini və namizədlərin müsahibəyə daha yaxşı hazırlaşmalarını təmin etmək məqsədi ilə hazırlanıb.

Təqdim edilmiş müsahibə proqramlarında ümumi və sahə üzrə mövzular, həmin mövzuların əhatə olunduğu ədəbiyyatların siyahısı, o cümlədən müsahibə proqramlarının tərtibatı üzrə DQMK-nın və müvafiq dövlət orqanının məsul şəxslərinin əlaqə vasitələri haqqında məlumatlar qeyd olunub. Təqdim edilmiş müsahibə proqramları namizədlərin bilik səviyyəsini və peşə hazırlığını qiymətləndirmək məqsədi daşıyır. Müsahibədə eləcə də namizədlərin ümumi dünyagörüşü və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə bağlı sualların verilməsi nəzərdə tutulub.