Fəzail Ağamalı: “Əminəm ki, qarşıdan gələn seçkilərdə YAP uğur qazanacaq, parlamentdə əksər yerlərə sahib çıxacaq” - MÜNASİBƏT

24 Sentyabr 2010 02:33 (UTC+04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) namizədlərin siyahısını açıqlandıqdan sonra partiyanın daxilində gedən məsləhətləşmələr nəticəsində biz öz namizədlərimizin irəli sürülməsinə start verdik". Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Seçki hazırlığından da danışan partiya sədri söyləyib ki, hazırda namizədlərin irəli sürülməsi davam edir: "Xatırlatmaq istərdim ki, partiyanın Ali Məclisinin yığıncağında əvvəl 30-dan yuxarı iddiaçı iştirak etmək istəyini irəli sürmüşdü. Buna baxmayaraq biz 18 nəfərin seçki proseslərinə qatılması haqqında Məşvərət Məclisində qərar qəbul etdik. Həmin 18 namizədin əksəriyyəti dairə seçki komissiyasına müraciət ediblər. İmza vərəqələrini götürüblər və hazırda imzatoplama prosesi gedir. Ümidvaram ki, yaxın vaxt ərzində imzatoplama prosesinə yekun vura biləcik".

 

Bəzi partiyaların seçkilərə blok şəklində qatılmasını müsbət qiymətləndirən F.Ağamalı qeyd edib ki, bu ilk növbədə Azərbaycanda seçki mühitinin və şəraitinin yüksək demokratik prinsiplərə söykəndiyinin göstəricisi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, respublikada seçki marafonuna qoşulmaq istəyən hər bir iddiaçı üçün normal şərait yaradılıb: "Azərbaycanda seçki prosesinin elan olunduğu gündən indiyə qədər tam normal mühit formalaşıb. Bu zəmində bütün partiyalar üçün bərabər formada şərait yaradılıb. Əməkdaşlıq etdiyimiz Yeni Azərbaycan Partiyası ilə müəyyən məsləhətləşmələr aparmışıq. İndiyə qədər partiyanın seçkilərə tək getməsi bizə uğur gətirib. Ola bilsin ki, bu partiyalar təkbaşına seçkilərə getdikləri zaman kəsiyində bu və ya digər müvəffəqiyyət qazanmayıblar. İndi blok şəklində özlərini sınamaq və daha ciddi uğurlara imza atmaq niyyətindədirlər. Olsun, bu da bir şans, imkandır. Bu bloklaşmanın hansı uğur əldə edə biləcəyi barəsində fikir söyləmək hələ tezdir. Bütün bunlara baxmayaraq mən əminəm ki, qarşıdan gələn seçkilərdə YAP uğur qazanacaq, parlamentdə əksər yerlərə sahib çıxacaq".

 

Partiya sədri həmçinin keçən seçkilərdən fərqli olaraq bu seçkilərdə heç bir partiyanın seçkiləri boykot etməməsinə də münasibət bildirib: "Baykotun səbəbi onları iflasa gətirə biləcək bir həddə çatmasından irəli gəlir. Baykot etmək mahiyyət etibarı ilə o deməkdir ki, xalqı öz ətrafında birləşdirməklə seçkilərin keçirilməsini təxirə sala bilsin. Azərbaycan müxalifətinin belə bir gücü yoxdur. Müxalifətin "seçkiləri baykot edirəm" adı altında özünün sığortalaya bilir və mahiyyət etibarı ilə onlar seçici azlığından seçkilərə qatılmırlar. Müxalifət anlayır ki, onların seçkidə məğlubiyyəti qaçılmazdır".